Quranda barmaq izləri haqqında…

22 Jul

Yadınızdadırsa barmaq izlərinin individual olduğunun ilk dəfə Quranda deyildiyi iddia edilirdi:

“Bəli, Biz onun barmaqlarını da düzəltməyə qadirik!” (Qiyamət Surəsi, ayə: 4)

Ərəbcədən barmaq ucunu ifadə edən “banan-(a)” kəlməsi isə müxtəlif cür təfsir edilirdi və sonda iddia edilirdi ki, 1400 il əvvəl ilk dəfə Quranda öz əksini tapımışdır, alimlər isə bunu XIX əsrdə kəşf ediblər.

Ancaq təsadüfən özüm üçün məlum etdim ki, barmaq izləri ilk dəfə e.ə. 20-19 əsrlərdə Babilistanda saxtakarlığın qarşısını almaq üçün istifadə edilib. Gil daşların üzərinə basılmış barmaq izləri qanuni öhdəlik yaradırmış. Babil kralı Hammurapinin zamanında isə (e.ə 1792-1750) həbs edilmiş cinayətkarların barmaq izlərini götürürdülər. Eramızın 300-cü illərində isə barmaq izləri kağızın ixtirası ilə Çində daha geniş istifadə edilməyə başlayıb.

 Image
Advertisements

Özünü Yandıran Şəhid Atası – Özünü Yandıranlar boyundan…

10 Jun

Başa düşürəm, UEFA çempionatı kimi ciddi məsələni qoyub özünü yandırmaq istəyən Ataya heç kim reaksiya verməyəcək. Xəbəriniz olsun ki, Ata bir neçə dəfə oğlunun tələf olmasını fəryad etdi ancaq onun fəryadına göydə uçan quşlardan və bir də özündən başqa heç kim münasibət bildirmədi. Münasibət bir yana heç qınları da tərpənmədi. Ata da qərara gəldi ki özünü yandırsın…Və yandırdı…Xoşbəxtlikdən ətrafdakılar tez yanan Atanı söndürüblər…Ata özünü isə Milli Məclisin qarşısında yandırdı, əslində burda məkanla bağlı maraqlı məqam var niyə Prezident Aparatının qarşısında yox, niyə H.Əliyev Fondunun qarşısında yox məhz Milli Məclisin qarşısında…Ata bəlkə də hələ düşünür ki Milli Məclis xalqın səsini özündə ehtiva edir…Əziz Ata səni məyus edəcəm ancaq özünü yandırmamışdan qabaq bir baxaydın əkiz Parlament binalarında kimsə varmı, düşüb bir stekan üzərinə su töksün, söndürüb sənə əl versin, yanında əyləşib sənin kədərinə göz yaşı axıtsın…Əfsuslar olsun ki, orda sənə dəstək ola biləcək heç kim yoxdur…

Və yandırdı. Necə ki, Vyetnam müharibəsinə etiraz əlaməti olaraq rahib Çic Quanq etmişdi. Necə ki, Təhrir meydanında Məhəmməd Buoazizi etmişdi. Bu aktın hətta bir maraqlı adı da var self-immolation. Özünü tələf etmək. Ata da öz canı ilə bütün atalara mesaj göndərmək istəyirdi…Ümidi var idi ki, bəlkə alov onun kədərini soyudar…Ancaq atalar yaxşı demiş: “Dünyanı ümid ilə yemişlər”. Ay kasıb, işsiz, əlacsız ata sənin ümidini çoxdan yemişlər…İstə qanad aç göydə uç yenə də səni heç kim görəsi deyil…

Özünü yandıran atanı tam başa düşürəm və hətta onun nələr keçirdiyini hiss etməyə çalışıram. İnsanın oğlu vəfat edir və gəlib qapısına atıb ventriloquist bacarığı ilə “hamımızın itkisidir” deyib gedirlər. Laqeydliyin həddindən insan dəhşətə gəlir.

Şəhid damğası vurub bu gəncimizi də gömək torpağa…Allah rəhmət etsin…Başın sağ olsun Ata …

Image=

Çayxana insanları

22 May

Gəncə şəhərində Texnologiya universitetinin həyətində hətta deyərdim həyatında ən ciddi məqam “Sakonun çayxanası” idi. Düzü indi bilmirəm bu “elm mərkəzi” fəaliyyət göstərir ya yox. Ölkədə əsasən də Bakıdan kənarda işsizliyin səviyyəsini ölçmək üçün xüsusi indikatorlardan istifadə etməyə ehtiyac yoxdur, kifayyətdir ki, çayxanalarda olan izdihama şahid olasız.

Günümüzdə çayxana mühəndis ilə viola ifaçısının görüşə biləcəyi yeganə mühitdir. Onları birləşdirən isə nərd, damino və çox nadir hallarda şahmat kimi stolüstü oyunlardır. Kənardan müşahidə edəndə maraqlı bir mənzərə yaranır. Viola ifaçısı zəri bacardığı qədər aşağıdan atır və hər dəfəsində qəribə bir gülüş səsi eşidilir. Qalib gəldiyi təqdirdə isə ətrafdakıların təbrikini eşitmək üçün növbəti tasa tələsmir. Yəqin refleksiv olaraq əvvəlki həyatından qalıb. Indi o ölmədən reinkarnasiya edib və olub nərd ustası. Adətən cərrahlar təmkinlə kənardan durub oyuna baxırlar. Onlar zəri cütləmək üzrə mütəxəssisdirlər. Zərgər ilə cərrahın oyunu isə adətən derbi atmosferində keçir.

Qonşuluqda rus dilli həkim Hafiz dayı var idi, rəhmətlik çox əla kişi idi, uşaqları da çox sevərdi. Onun yahudi Muxtar kişi ilə nərd oynaması adətən titanların döyüşünə bənzəyirdi. Hafiz dayının oyunu uduzduğunu küçənin başından deyinə-deyinə gəlməsindən bilmək olurdu. Digər sevimli qonşumuz Şüvəllan baba isə oyun zamanı kiçik dəftərçəsində daim ciddi qeydlər aparırdı. Onun Hafiz dayını udması bizim üçün toy bayram idi çünki qarajının qarşısında əkdiyi tut ağacını sərəncamımıza vermə ehtimalı çoxalırdı.

Bu dəyərli insanlar bir zamanlar cavan idi, onlar qocaldılar işsiz qaldılar, ümidsiz qaldılar. Onlara diqqət lazım olduğu təqdirdə biganəlik ilə üzləşdilər. Onlar öz ədəbli təqaüdünü alıb avropalılar kimi dünyanı gəzməkdənsə “Sakonun Çayxanasında” mədələrini 20 qəpiklik çaynik ilə yumaqla məşğul oldular. Fikir vermisinizsə Azərbaycanda əksər yaşlı insanlar tez-tez ağlayırlar. Şubay babanın, Kərəm dayının, Alı kişinin ağlamaqları heç zaman gözümün önündən getməyəcək. Biz Azərbaycan insanı nəyinki öz gələcəyimizə sahib çıxmağı bacarırıq hətta öz keçmişimizi atıb evin küncündə bir qırağa tozlandırırıq. Yaşlı insanlara nəqliyyat vasitələrində yer vermək ilə öz missiyamızın bitdiyini düşünürük. Onlara yer yox ümid vermək lazımdır. Onları qanun artıq 63-65 yaşdan “faydasız” edir, “istismar” müddətinin bitdiyini deyir. Hökumət isə aylıq 90 manatla öz “sevgisini” ifadə edir, əldən düşmüş qocalar onsuzda bu “sevgiyə” səsini çıxartmayacaq.

Çevrilir…

20 May

Necə rəngarəng arzular

Qara-ağ mürəkkəbə çevrilir

Necə sən və mənim sevgim nifrətə

200 il Müşfiqin bağında sevişən

Azəri erməni məhəbbəti düşmənçiliyə çevrilir

Bir üz çevrilir iki üzə

Necə olur fahişə quşa

Qaban əti bülbülə

Rüşvət hörmətə

Gobudluq cəsarətə çevrilir

Həqiqəti doğan ağızlar

Xəyanətkar insanlara çevrilir

Necə olur, nifrətlə çilənmiş qan qırmızı qalstuklar

Bəzilərində boyun bağıya

digərlərində kəndirə

toz basmış stol üstü dəsmala çevrilir

Axı bu düstur nədir

Gülən yanaqları əzib, ovuşdurub

Küləyə sovrulan plastik torbaya çevirir…

Avtomobil Dayanacaqlı Azadlıq meydanı….

4 May

Hökumət evində işləyən zaman tez-tez bu meydanın həndəvərində gəzişib gözümün qarşısına 90-cı illərin tarixini gətirirdim. Azadlıq Meydanı – xalqın azadlığa qovuşduğu məkan. Hətta Azadlıq meydanının arxasında yerləşən bütün elementləri ilə bürokratik idarə üsulunu xatırladan Hökumət Evi də, meydanın azadlığını əlindən almırdı. Bu arada Hökumət Evi yeni təmirdən sonra nəyinki bürokratik üsulu eyni zamanda öz qara, ağ, qırmızı mərmərləri, gülbahtı əhəng daşı ilə lazımsız ultra bədxərc, zövqsüz təmiri ilə beyin oxşayırdı. Xoşbəxtlikdən bütün bunlar meydana xələl gətirmirdi.     

Daha sonralar səyahət etdiyim məkanlarda  xalqların azadlığında, təfəkkür oyanışında rol oynamış meydanları görən zaman dərhal öz meydanımızı xatırlayırdım. Sankt Peterburqda yerləşən Dekabristlər Meydanı, Böyük Neva çayının sol sahilində böyük rus xalqının qürurunu ifadə edir, hətta deyilənə görə bu tarixi məkanda toplaşan insanlar nifrəti unudur bir-birinə daha çox hörmət edirlərmiş.

Düzdür ilk dəfə Trafalqar meydanında olan zaman nəhəng ekranda minlərlə insan ilə Harry Potter – in “Deathly Hallows” – ına baxırdım. Ancaq kinoya yenidən baxmalı oldum, çünki bütün kino vaxtı özümü Nelson Mandela kimi hiss edirdim və ümid edirdim ki bir gün gələcək mən də bu meydanda öz regionumuzda olan kasıbçılığa, korrupsiyaya, ədalətsizliyə, süni nifrətə qarşı çıxış edəcəm. Vatikanda müqəddəs Pyotr kilsəsinin günbəzindən Müqəddəs Pyotr meydanına baxanda da eyni hissləri keçirirdim.

Bir sözlə onlarla gəzdiyim, tarixini örgəndiyim meydanların taleyi ilə öz Azadlıq Meydanımızın taleyini müqayisə edirdim. Əfsuslar olsun ki, bu müqayisə artıq baş tutmayacaq, səbəbi isə Azadlıq Meydanında avtomobil dayanacığının inşa edilməsidir. Beləliklə bizim azadlığımızı da avtomobil dayanacağına çevirib əlimizdən aldılar, necəki təbii sərvətlərimizi, gələcəyimizi və gəncliyimizi əlimizdən aldılar.

Avtomobil Dayanacaqlı Azadlıq meydanı…. 

Image

Həmişə Təmizlikdə Azərbaycan və ya Saqqalımı dəyirmanda ağartmışam.

29 Apr

Müqəddəs ibadətgah statusu almış Facebook – da təsadüfən Ermənistan ilə bağlı bir məqalə gördüm. Məqalədə qeyd edilir ki, 11 sentyabr tarixində İsrafilin surunu əlindən almış youtube bəlasında Ermənistan silahlı qüvvələrində baş verən yolsuzluq ilə bağlı video yerləşdirilib. Bloqer Tiqran isə buna bu cür reaksiya verir:

«Это может быть выгодно тем силам, которые льют воду на азербайджанскую мельницу. Видео было размещено под очень нехорошим названием – «Истинное лицо нашей армии».”  

Mən düzü elə bilirdim bu dəyirmana ancaq ermənilər su tökürmüş. Sən demə Azərbaycan da az aşın duzu deyilmiş. Sağ olsun Vise-Wise-Speaker Bahar xanım Muradova hər zaman bu mistik dəyirmanın su mənbəyini göstərir:

“Использование демократического фактора для своих политических амбиций и для того, чтобы лить воду на мельницу армян, – это неверный подход. Так делают лишь недоброжелатели Азербайджана.” 

 

Bax belə, həmişə təmizlikdə deyib fikrimi yekunlaşdırıram, çalışın heç kimin dəyirmanına nə daş atın nə də su tökün…

Boyadılmış Yumurta Əfsanəsi

3 Apr

Əgər məscidin həyətində pir görürsünüzsə demək artıq Azərbaycana gəlib çıxmısız. Məsələ pir və məsciddə deyil, əsas məsələ vətəndaşımızın toqquşan ideyaları necə bir araya gətirməsidir. Və ya necə mədəniyyətlərin kəsişmə nöqtəsində özünəməxsus çorba qaynatmasıdır. Sonra da buna ya adət ənənə ya da mentalitet yarlığı yapışdırıb kor təbii müdafiə etməsidir. Yəni ictimai qınaq maşınını işə salıb hər vəchlə “status-quo”unu saxlamasıdır. Çünki öz sosial möveyini itirə bilən milyonlarla əjdatlarının ətəyindən yapışıb buraxmayan bir kütlə var. Hər şey gün kimi aydındır, fərqli izahlar axtarmaq gərəkmir.

Mentalitet məfhumu millətin özünəməxsusluğunu, digər xalqlardan fərqləndirən cəhətlərini göstərmək kimi banal məntiqə hesablansa da, hələ də var gücü ilə ölkəmizidə hakimi-iqtidardır. Bunula yanaşı biz həmçinin bütün dünyaya isbat edə bilmişik ki, bir insan eyni vaxtda həm atəşpərəst, həm xristian həm də müsəlman ola bilər hələ “lazım” gəlsə hətta musəviliyə də baş vura bilər.

Gələk mətləbə, Novruzun əsas atributlarından biri də boyadılmış yumurtadır. Əslində bu atributu uşaqlıqdan biz vurma cədvəli kimi öz zehnimizə izahsız əzbərlətmişik. Boyadılmış yumurta isə nə atəşpərəstlərə nə odpərəstlərə nə də zərdüşt dininə məxsusdur. Boyadılmış yumurta xristiyanlarda Pasxa bayramının əsas elementidir. Rəvayətə görə çarmıxa çəkilmiş İsanın qan damcıları yerə düşən zaman toyuq yumurtası formasını alırdı və daşlaşırdı. Xaçın altında ağlayan Məryəmin gözyaşları isə daşlaşmış yumurta formasında olan qanı rəngli naxışlarla bəzəyirdi. İsanın yenidən dirilməsini eşidəndə inanclılar daşlaşmış qan və göz yaşlarını öz aralarında bölüşməyə başladılar. Beləliklə də yumurta boyanması adəti də meydana gəlir.

Demək Novruzda tonqal qalayıb üzərindən atlanıb yumurta boyamaq məscidin həyətində pir tikmək kimi bir pradoksdur. Bu paradokslar ona görə yaranır ki, biz heç nəyin izahını axtarmırıq yalnız vərdişə çevirib gündəlik həyatımıza tətbiq edirik.

Sizin üçün sonda bir ev tapşırığı tapın görək bu qapı pusmaq adəti hardan gəlib?!

Dear Mr. Mark Perry – Foreign Policy Analytic

1 Apr

Recently, all possible foreign policy related centers started to refer to Mr Perry’s article with an attractive headline Israel’s Secret Staging Ground  where articulated the role of Azerbaijan in an imminent war with Iran.

Unfortunately, this article deliberately or non-purposefully excludes some facts that can constitute counter – balance to the overall atmosphere of the discussion. Firstly, Mr Perry mentioned that Azerbaijan’s defense minister publicly ruled out the use of Azerbaijan for a strike on Iran but did not back this idea with the treaty signed between Azerbaijan and Iran. In May 2005 Baku and Tehran signed a non-aggression pact barring third countries from using their territories for offensive operations against each other.

Another issue is Nakhchivan that landlocked area since Azerbaijan-Armenian war. As a matter of fact, on December 20, 2005 Azerbaijani President Ilham Aliev and Iranian President Mahmoud Ahmadinejad opened a new gas pipeline from Iran to Azerbaijan’s landlocked Nakhchivan Autonomous Region, which is separated from the mainland of Azerbaijan by a strip of Armenian territory. Nakhchivan has been cut off from gas supplies as a result of the Armenia-Azerbaijan conflict over Nagorno-Karabakh

since 1992. Under a 25-year swap contract signed between the two countries in August 2004, the new pipeline will supply the region with Iranian natural gas. Azerbaijan will also deliver its gas to Iran’s northeastern provinces. The volume of gas imports to Nakhchivan is expected to reach 250 million cubic meters in 2006 and 350 million cubic meters in 2007. If Turkey provides guarantee for security, Iran provides ancillary energy to landlocked area, Nakhchivan.

I ask Mr Perry, how Azerbaijan can launch any anti-Iranian campaign when its area totally depends on Iranian side?!

Another politely neglected issue is Turkey. Definitely Israel – Azerbaijan relation is much better than Iran – Azerbaijan but not than Turkey – Azerbaijan. Without Turkey’s full consent, Azerbaijan will never opt for a war with Iran. I doubt Mr Perry has an information about “7 Turkish stars” on the blue skies of Azerbaijan in 2001. Iran demonstratively violated territorial integrity of Azerbaijan due to heated debates over several oil reserves in Caspian sea in 2001, after the incident it was immediately conducted public show by 7 Turkish F15 jets in Baku, Azerbaijan, sending message to Iran that Turkey is in the game.

It has to be said that Israel can be a good partner but Turkey is an innate strategic partner and Azerbaijan cannot possess teenager courage to stay without big brother.

İrana qarşı müharibə “başladı”…

31 Mar

İrana qarşı müharibənin ikinci günü…

“Bakı alovlar içində yanır. Azəri yatağını hədəfə alan “Şahab 1” öz məqsədinə çatdı. Şəhər qara qatı dumanın içərisinə qərq olub. Yayın parlaq günəşi neftli buludları dəlib keçə bilmir. Nəfəs almaq çətinləşir. Qışqırıq səsləri İsrafilin suru kimi qulağı dəlir…”

İrana qarşı müharibənin üçüncü günü…

“Peyğəmbər” adlı uzaq mənzilli raket Şəhidlər Məscidini şəhidlər xiyabanına gömüb, bir az insana rahatlıq gəldi ki nə yaxşı ki vaxtında Şəhidləri müsəlmanların üzünə bağladılar, itki yoxdur. Bu rahatlıq hissindən doymamış, xəbərlər gəlir ki “Peyğəmbər” İlahiyyət məscidini yerlə yeksan edib. 8000 insan bir an içində məhv olub, yanıb külə sovrulub….

İrana qarşı müharibənin  dördüncü gün…

Düşmən artıq sərhədləri keçib və sürətlə irəliləyir. Biz təpədən dırnağa məişət əşyaları ilə silahlanıb düşməni qarşılamağa gedirik. Bakı-Astara yolunun üzərində ahənglə yırğalanan “Daewoo” markalı 96 nömrəli marşrutun içərisində hamı sakitdir. Heç kim bilmir ki, bu düşmən kim olacaq rus, iran, erməni yoxsa canı qanımızdan əti babamızdan olan azəri qardaşlarımız yoxsa bizi bu müharibəyə sürükləyən yarıtmaz siyasi xədimlər yoxsa kənardan vəziyyəti dəyərləndirən qərbin siyasi fahişələri …

İrana qarşı müharibənin beşinci gün …

Bakı buxtasını Xəzərdən ağır artileriya atəşinə tutan İran gəmiləri İsrailin F15I tipli qırıcıları tərəfindən məhv edilir. Xəzərə hələ bu qədər nifrət etməmişdim. Hökumət evinin dağıntıları altında qalanları xilas etmək çox çətindir, ağ mərmər konstruksiyalar insanlara məzar daşı olmuşdu. Ağır hərəkətlə dənizə dalan iran hərbi gəmiləri vahiməli görüntü yaradırdı. İndi başa düşdüm ki niyə düşmən Bakını top atəşinə tutan zaman heç vaxt Qız Qalasını məhv etməmişdi. Qız Qalası ümidsizliyin rəmzi idi, müharibə başlayan gündən hər gün onlarla insan özünü qaladan atırdı..

İrana qarşı müharibənin altıncı gün…

Naxçıvanda 20 Yanvar, 26 Fevral, 31 Mart bir neçə dəfə təkrarlanıb. Qırmağa insan tapmayanda ağacları yaşıllıqları məhv etməyə başlayıblar. Saat 17:45 bir az ürək açan xəbərlər gəlir İranda daxili ixtişaşlar başlayıb və 20 milyon insan etiraz aksiyası keçirir. Bəlkə bu hadisə müharibənin qarşısını aldı…

Yuxarıda yazdıqlarım İrana qarşı müharibə olsa və Azərbaycan bu hərbi kompaniyada iştirak etdiyi təqdirdə baş vermə ehtimalı olduqca çox olan hadisələrdi. Biz hamımız bir nəfər kimi İrana qarşı müharibədə Azərbaycanın iştirakına yol verməməliyik. Əks təqdirdə … 

Vətən Torpaqdır yoxsa İnsan ?!

18 Mar

İki dəyər daha dəqiq desək insan və vətən arasında mübarizə gedir. Biz vətənin üstün olduğu mədəniyyətin nümayəndəsiyik, vətən sözü emosiyaların apogeyasıdır. Vətən ana ilə müqayisə edilir, ona dastanlar, şerlər poemalar həsr olunur. “Uğrunda ölən varsa demək vətəndir” ifadəsi isə bütün mübahisələrə son nöqtədir, çünki insanı öldürdülər.

İnsan kim üçün mübarizə aparır?! Kim üçün ölür?! Daş, torpaq, ağac, təbii sərvətlər, bulaq, çay üçün yoxsa bütün bunlardan istifadə edən insalar üçün özünü fəda edir?! Əlbəttə insanlar üçün…

Vətən sadəcə qara torpaqdır, vətən insan üçündür, vətən onun üzərində yaşayan insanların yatağıdır başqa heç bir şey deyil. Sadəcə sözün mənəvi yükü bizə imkan vermir ki, başqa cürə fikirləşək. Bu mənəvi yük illərin təşviqatı ilə bir vərdişə çevrilb. Bu mənəvi yük özünü İnsan sözü ilə dəyişməlidir:

– Uğrunda fəda varsa Vətəndir

– Uğrunda fəda varsa İnsandır

İnsanı, cəmiyyəti sevmək daha üstündür, hər bir insanın cəmiyyətə verdiyi faydasını dəyərləndirmək dağ havasında kabab yeyib vətəni tərifləməklə müqayisə edilə bilməz. Qara torpaq hər yerdə var, Göy-Gölü, Maral-Gölü, Şəki Xan sarayını, Qubanın Cənnət bağlarını və hətta daha gözəllərini hər yerdə tapmaq olar, kim deyirsə bundan yalnız bizdə var inanmayın yalan deyir. Biz Göy-Gölü sevmək ilə cəmiyyət ola bilmərik, əsas gölə dəyər verən insanı sevmək lazım. Biz nə qədər Xəzərə şer qoşsaq da, onu çirkabdan təmizləyə bilmərik…

Bu fikirləri çoxdan yazmaq istəyirdim, itələyici qüvvə isə  Louise Bourgeois – un Hamburqda, İncəsənət muzeyi qarşısında yerə həkk edilmiş sözləri oldu:

“Die Heimat ist nicht das Land ­ sie ist die Gemeinschaft der Gefühle”

“Doğma torpaq torpaq deyil, o hisslərin icmasıdır”

Bu hisslər isə sözsüz ki, insanlara məxsusdur…